PKK Şimali İraqda tərksilah olacaq | VİDEO

   PKK Şimali İraqda tərksilah olacaq     | VİDEO
  08 İyul 2025    Oxunub:1359
Terror təşkilatı kimi tanınan və Türkiyədə qadağan edilən Kürdüstan Fəhlə Partiyasının (PKK) ilk döyüşçü qrupu iyulun 11-də İraqın şimalında tərksilah prosesinə başlayacaq.
AzVision.az Türkiyənin “Hüriyyet” nəşrinə istinadən xəbər verir ki, PKK-nın tərksilah edilməsi ilə bağlı məsələlər iyulun 8-də Bağdadda Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla İraqın mərkəzi orqanlarının nümayəndələri arasında müzakirə olunacaq. Ankara, Bağdad və Ərbil (İraq Kürdüstanının hakimiyyətləri) arasında bütün prosesi koordinasiya edən məhz İbrahim Kalındır.

“Kalının İraqa səfəri iyulun 7-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə kürd yönümlü Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndələri arasında PKK-nın tərksilah edilməsi prosesinin müzakirə olunduğu görüşdən sonraya təsadüf edir. Türkiyə kəşfiyyatının rəhbəri İraqdan qayıtdıqdan sonra parlament sədri Numan Kurtulmuşa səfərinin nəticələrini təqdim edəcək və bu, PKK-nın tərksilahı üzrə parlament komissiyasının yaradılmasına qədər ilkin mərhələ olacaq”, - qəzet yazır.

Prezident: PKK-nın özünü ləğv etməsi tarixi hadisədir
“Hüriyyet” bildirir ki, ilk olaraq silahı yerə qoyan təşkilatın hərbi qanadının nümayəndələrindən birinin rəhbərlik etdiyi 20-30 nəfərlik PKK döyüşçüləri olacaq. Bundan öncə təşkilatın lideri Abdullah Öcalanın PKK-ya müraciət edəcəyi gözlənilir.

Xatırladaq ki, mayın 12-də PKK-nın qurultayında təşkilatın özünü ləğv etməsi barədə müvafiq qərar qəbul olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Milli Müdafiə naziri Yaşar Güləri qəbul edərkən PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə kimi qiymətləndirib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   PKK   tərksilah  



Xəbər lenti